DÜNYA
Amerikalıların yarıdan çoxu silah haqqında qanunvericiliyin sərtləşdirilməsini istəyir
Bakı, 26 may, AZƏRTAC
Amerikalıların yarıdan çoxu – 54 faizi silah haqqında qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyir.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə məlumat CBS News telekanalı və “YouGov” kompaniyasının birgə keçirdiyi sosioloji rəy sorğusunun nəticələrində yer alıb.
Məlumata görə, respondentlərin 30 faizi mövcud qanunların dəyişdirilməsinə ehtiyac görmür, 16 faizi isə onu daha da yüngülləşdirməyi təklif edir.
Müxtəlif partiya tərəfdarları arasında bu problemlə bağlı mövqelər də fərqlənir. Belə ki, rəyi soruşulan demokratların 79 faizi silah satışı barədə qanunların sərtləşdirilməsini istədiyi halda, respublikaçılar arasında bu mövqeyin yalnız 27 faiz, bitərəflər arasında isə 50 faiz tərəfdarı var. Demokratların 9 faizi, respublikaçıların 24 faizi və bitərəflərin 17 faizi bu istiqamətdə qanunların yumşaldılmasını məqbul sayır. Həmçinin respublikaçıların 49 faizi, bitərəflərin 33 faizi və demokratların 12 faizi silah satışı barədə qanunvericiliyin dəyişməz qalmasını istəyir.
Qeyd edək ki, rəy sorğusu Texas ştatındakı ibtidai məktəbdə 19-u uşaq olmaqla 21 nəfərin qətlə yetirildiyi hücumdan bir neçə gün öncə aparılıb. Ştatın İctimai Təhlükəsizlik Departamentinin direktoru Stiven Makkrounun sözlərinə görə, qətliamı törədən Salvador Ramos 18 yaşı tamam olandan az sonra, martın 17-də yerli idman malları mağazasında AR-15 tipli avtomat alıb. Ertəsi gün o, avtomat üçün 375 güllə, martın 20-də isə həmin mağazadan başqa bir avtomat silah alıb.