MƏDƏNİYYƏT


Amerikan jurnalında Azərbaycanda qədim qayaüstü “58 xana” oyunu barədə məqalə yer alıb

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ-ın “Quartz” elektron jurnalında Azərbaycanda aşkar edilmiş qədim tapıntı ilə bağlı amerikan alimlərinin tədqiqatından bəhs edən “Azərbaycanda dünyanın ən qədim qayaüstü oyunlarından biri tapılıb” sərlövhəli məqalə yer alıb.

Müəllif Nataşa Frost yazır ki, bir çox minilliklər öncə – eramızdan əvvəl 2000-ci ildə köçəri çobanlar öz asudə vaxtlarını müasir insanların indi stolüstü oyunlar adlandırdığı əyləncələrə həsr edirdilər. Qobustan Milli Parkındakı qayalıqda oyulmuş qədim spesifik xanalar Azərbaycan arxeoloqlarına çoxdan məlum idi. Lakin bu yaxınlarda Amerikan Təbiətşünaslıq Tarixi Muzeyinin arxeoloqu Uolter Kristin apardığı tədqiqatın nəticəsində bu xanaların mənşəyi və tarixi barədə müfəssəl elmi sübutlar təqdim olunub.

Məqalədə qeyd olunur: “Krist müəyyən edib ki, bu qayaüstü xanalar “58 xana”, digər adı ilə “Tazılar və çaqqallar” qədim oyununun qalıqlarıdır. Bu oyunu qədim dünyanın bir çox yerlərində - Misirdə, Anadoluda və Mesopotamiyada oynayıblar. Ehtimal olunur ki, onun ən məşhur nümunəsi arxeoloq Hovard Karterin qədim Misir fironu IV Amenemhetin məzarında aşkar etdiyi və 3800 il tarixi olan tapıntıdır.

Krist iddia edir ki, bu oyunun bütün regiona necə yayılması və onun digər incəlikləri sirr olaraq qalır. Bəzi tarixçilərin fikrincə, o, toxumlar və kiçik daşlarla oynanılan nərdə bənzəyir. Digərləri ehtimal edirlər ki, bu “58 xana” daha çox zər atma oyununa oxşayır. Lakin hər iki nəzəriyyə yalnız ehtimal kimi qəbul olunur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.