SİYASƏT
Amerikanın “Foreign Policy News” xəbər portalında Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqda məqalə dərc edilib

Məqalədə 2014-cü ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən, ümumi infrastrukturun inkişafına yönəlmiş layihələrdən və quruculuq işlərindən bəhs edilir. Müəllif yazır ki, Azərbaycan hökuməti davamlı iqtisadi artımın təmin edilməsi və ölkə vətəndaşlarının maddi rifahının yaxşılaşdırılması üçün bir sıra sosial-iqtisadi layihələr həyata keçirib.
Nəqliyyat infrastrukturunun əhəmiyyətini xüsusi vurğulayan P.Teyz Azərbaycanın rayon mərkəzləri və qəsəbələri arasında yollar salınması və mövcud yolların yeniləşdirilməsi layihələrinin həyata keçirilməsini qeyd edir. O yazır ki, kəndarası yolların tikintisi Azərbaycan regionlarının inkişafına dair üçüncü hökumət proqramında xüsusi yer tutur.
Ekspert qeyd edir ki, cari ildə elektrik və qaz xətləri şəbəkələri, keyfiyyətli içməli su kəmərlərinin yeniləşdirilməsi və müxtəlif ekoloji proqramlar üçün dövlət büdcəsindən çox böyük həcmdə resurs ayrılır. Əvvəllər içməli su sarıdan problemlər olan yaşayış məntəqələrinin çoxu indi keyfiyyətcə Dünya Səhiyyə Təşkilatının standartlarına müvafiq olan içməli su ilə fasiləsiz təchiz olunur. Prezident İlham Əliyevin Azərbaycanda su təchizatı şəbəkəsinin yeniləşdirilməsinə maraq göstərdiyini vurğulayan P.Teyz yazır ki, irriqasiya layihələri ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Yaxın gələcəkdə istifadəyə veriləcək Şəmkirçay və Taxtakörpü su anbarları on minlərlə hektar torpağı suvarmağa imkan verəcək.
Müəllif kənd təsərrüfatı sektorunda islahatlardan bəhs edərək yazır ki, ölkə rəhbərliyi kəndli (fermer) təsərrüfatlarının inkişafı üçün resurs ayrılmasını davam etdirir və Azərbaycan artıq bu gün qlobal kənd təsərrüfatı və süd məhsulları bazarında aparıcı yerlərdən birini tutur. Ölkə vətəndaşlarının yerli taxıl ilə təmin edilməsinə yönəlmiş islahatlar aparılır. Bütövlükdə milli iqtisadiyyata iyirmi milyard dollara yaxın sərmayə qoyulub. Azərbaycan dünyada inflyasiya faizinin ən aşağı olduğu dövlətlərdən biridir.
P.Teyz məqalənin sonunda qeyd edir ki, Azərbaycanda iqtisadi sabitlik və müsbət iqtisadi göstəricilər Avrasiyada nümunədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton