CƏMİYYƏT
“Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması, bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu ilin əvvəlindən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 25 maarifləndirmə tədbiri aparılıb və ilin axırınadək daha 35 tədbirin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC), Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, işəgötürənlərin iştirakı ilə “Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda keçirilən seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov məlumat verib.
Onun verdiyi məlumata görə, kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada bağlanan və əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir. Həmin müqavilələrdə əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, habelə qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması şərtləri də əksini tapır. Bu baxımdan əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu böyükdür.
Seminar-müşavirədə “Baku Steel Company” MMC-nin baş direktorunun istehsalat üzrə birinci müavini Ramin Kərimov işəgötürənlərin əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumatlandırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadənin moderatorluğu ilə keçən tədbirdə müfəttişliyin rəis müavini Nizami Əhmədovun “Əməyin mühafizəsi və iş yerlərində sağlamlığın qorunmasında önləyicitədbirlərin rolu“, Səhiyyə Nazirliyinin V.Axundov adına ETTP İnstitutunun Peşə Xəstəlikləri Klinikasının direktoru Sevda Xəlilovanın “Qara metallurgiyada əlverişsiz istehsalat amilləri,peşə xəstəlikləri və onların profilaktikası” mövzularında çıxışları dinlənilib.
Sonra əməyin mühafizəsinə dair videoçarx nümayiş olunub. AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Kollektiv müqavilələr və əməyin mühafizəsi üzrə görülən işlər” mövzusunda çıxış edib.
“Baku Steel Company” MMC-nin departament müdiri Miryasin Seyidov müəssisədə əməyin mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verib. Şirkətin həmkarlartəşkilatının sədri Əliqulu Quliyev MMC-nin kollektiv müqaviləsində əməyin mühafizəsi üzrə nəzərdə tutulmuş öhdəliklərə əməl olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Çıxışlar ətrafında müzakirələr aparılıb.