CƏMİYYƏT


Amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı: Yanğınlar tam söndürülənə qədər Türkiyədə qalacağıq

Bakı, 5 avqust, Nicat Məmmədov, AZƏRTAC

Türkiyədəki yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bu gün yenidən Türkiyəyə yola düşürük. Dalaman aeroportunda endikdən sonra həmin ərazilərdə işə başlayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün avqustun 5-də Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov jurnalistlərə müsahibəsində deyib.

C.Qəhrəmanov bildirib: “Bildiyiniz kimi, biz bir müddətdir Türkiyədə yanğınların söndürülməsi istiqamətində çalışırdıq. Texniki baxış məqsədilə bir günlük Azərbaycana qayıtdıq. Burada təyyarəyə texniki baxış keçirildi və dövlətimizin başçısının tapşırığı ilə yenidən Türkiyəyə yola düşürük”.

Heyətin Türkiyədə qalma müddəti ilə bağlı məlumat verən C.Qəhrəmanov deyib: “Bu, yanğınların qarşısının alınmasından asılıdır. Yəqin ki, yanğınlar tam söndürülənə qədər qardaş ölkədə işimizi davam etdirəcəyik. Yanğının miqyasından asılı olaraq, istiqamətləri dəyişə bilərik. Hər vəziyyətə hazırıq. Təyyarəmiz 20-25 saniyə ərzində 12 ton su götürmək qabiliyyətinə malikdir. Bu təyyarə götürdüyü suyu 50 metr hündürlükdən yanğın ərazisinə atır. İndiyədək Azərbaycanda və digər ölkələrdə baş verən yanğınların söndürülməsində bu təyyarədən geniş istifadə edilib. Hər dəfə də yanğınların söndürülməsi işi uğurla başa çatdırılıb”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola düşüb. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Türkiyədədir. Azərbaycan yanğınsöndürənləri alovların söndürülməsi və qarşısının alınmasında fədakarlıqla çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.