Amil Əliyev: Məktəbimiz üçün modul tipli binanın quraşdırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək
AzerTAg.az
Beyləqan, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 15-də Füzuli rayon 17 nömrəli köçkün tam orta məktəb üçün Beyləqan rayonunun Şərq qəsəbəsində quraşdırılan modul tipli bina müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəbin direktoru Amil Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 17 nömrəli köçkün tam orta məktəbi 1995-ci ildən indiyədək Beyləqan rayonunun Şərq qəsəbəsindəki klub binasında fəaliyyət göstərib. Bu il Prezident İlham Əliyevin Sərəncamı əsasında məktəb üçün modul tipli binanın quraşdırılması müəllimlərin və şagirdlərin sevincinə səbəb olub. 96 şagird yerlik məktəb binası 11 sinif otağı, direktor və müəllimlər otağı, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib. Məktəb inventar və avadanlıqlarla təmin edilib.
"Məktəbimizdə 95 nəfər şagirdin təlim-tərbiyəsi ilə 21 nəfər müəllim məşğul olur. Bu il 8 şagird birinci sinfə qədəm qoyub. Əminəm ki, məktəbimiz üçün modul tipli binanın quraşdırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına məktəbimizin kollektivi adından minnətdarlığımı bildirirəm”, - deyə direktor bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var