ELM VƏ TƏHSİL


Əminağa Sadıqov: Akademiyanın magistraturası ölkə miqyasında uğurlu layihələrdən biridir

Bakı, 4 dekabr, AZƏRTAC 

Dörd ildir akademiyada təşkil olunan magistratura təhsili bütövlükdə ölkə miqyasında uğurlu layihələrdən biridir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasında Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzv Əminağa Sadıqov deyib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Ə.Sadıqov bu layihənin akademiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkilində, gənclərin elmə cəlb olunmasında, eləcə də elm və təhsilin inteqrasiyasında böyük rol oynadığını söyləyib.

AMEA-nın magistraturasına qəbulun dinamikası haqqında məlumat verən məruzəçi diqqətə çatdırıb ki, 2015-ci ildə qəbul olunanların sayı 19 nəfər idisə, cari ildə bu rəqəm 67-yə çatıb. 2015-ci ildə 20 yerə 19, 2018-ci ildə isə 92 yerə 67 magistrant qəbul edilib. Bildirilib ki, 2017/2018-ci tədris ilində AMEA-nın elmi bölmələri üzrə aparılmış statistikanın nəticələrinə görə, ən çox magistrant (23) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə qəbul olunub.

Alim 2018-ci il magistr məzunlarının müvəffəqiyyət statistikasını da təqdim edib. Məzun olmuş 57 magistrantdan 45-nin fərqlənmə diplomuna layiq görüldüyünü deyib.

Ə.Sadıqov, həmçinin qəbul zamanı magistrantların topladığı balların statistikası, plan yerləri və keçirilən müsahibənin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə məzun olmuş 57 magistrantdan 38-i bu gün də AMEA-da elmi fəaliyyətini davam etdirir.

Alim akademiyada magistratura təhsilinin təkmilləşdirilməsi məqsədilə bir sıra təklif və tövsiyələrini də diqqətə çatdırıb. Qeyd edib ki, elmi müəssisələr magistraturanın təbliği üçün məqsədyönlü işlər aparmalı, magistrantların öz fəaliyyətlərini AMEA-da davam etdirmələri, aktual mövzularda araşdırmalar aparmaları üçün lazımi kömək göstərməlidirlər.

Magistratura pilləsinin perspektivlərindən danışan Ə.Sadıqov qeyd edib ki, tədris planları və fənn proqramları müasir mövzuları əhatə etməklə yenidən hazırlanmalı, prioritet ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil olunmalıdır. Həmçinin AMEA-nın beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan elmi müəssisələri üzrə elmi məqalələrin nüfuzlu beynəlxalq nəşrlərdə dərci təşviq edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.