MƏDƏNİYYƏT


Əminə Yusifqızının “Biz vətən üçün doğulmuşuq” kitabının təqdimat mərasimi olub

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar jurnalist Əminə Yusifqızının “Biz vətən üçün doğulmuşuq” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab 44 günlük Vətən müharibəsi zamanı Yevlax bölgəsindən şəhid olmuş qəhrəman oğullardan bəhs edir.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, məsləhətçi filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədlidir.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bəzi hadisələr xalqın tarixinə qızıl hərflərlə yazılır. 44 günlük müharibə zamanı mübariz Azərbaycan əsgərlərinin qısa zaman kəsiyində göstərdiyi şücaət heç vaxt unudulmayacaq, nəsillər dəyişəcək, amma qələbə günü qürur mənbəyi günü kimi yadda qalacaq. İgid Azərbaycan oğulları Qarabağı, Şuşanı görməsələr də bu haqda kitablarda oxuyub, vətənpərvərlik tərbiyəsi götürüblər. Onlar ölümün gözünə dik baxaraq torpaqlarımızı bizə qaytardı.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabda 65 oçerkin yer aldığını söyləyərək deyib: “Məqalələri oxuduqda bunun peşəkarlıqla yazıldığını görürük. Vətən haqqında çox danışılır, amma şəhidlərlə bağlı məsələlər hamımızın ürəyini ağrıdır. Bunu analar yaxşı bilir. Onlar öz övladlarını unutmayacaq, haqq dünyasında yenidən öz övladları ilə qovuşacaqlar. Bir söz adamın vəzifəsi bu xatirələri yaşatmaqdır. Əminə xanımın peşəkarlıqla yazdığı sətirlər bir çox insanların qəlbini titrədəcək və şəhid anaların keçirdiyi hissləri anladacaq”.

Kitabın redaktoru Məhəbbət Mehdiyeva bildirib ki, bu kitab Əminə xanımın şəhidlər haqqında yazdığı ikinci kitabıdır. Şəhid analarına olan hörmət hissi onu bir daha bu mövzuya toxunmağa məcbur edib. O hər oçerki bir epiqrafla müşayiət edib, hər bir şəhidin hekayəsinə bir başlıq verib. Bu kitabı oxuyan biganə qala bilməz, bu eyni zamanda şəhid ailələrinə bir təskinlikdir.

İkinci Qarabağ müharibəsində şəhid olmuş Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova bildirib ki, yazılan əsərlər, bəstələnən musiqilər şəhid analarının yarasını sağaltmasa da, onlara bir təskinlik verir. Ancaq Vətən uğrunda ölən qəhrəmanlar heç zaman unudulmur.

Sonra professor Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.