ELM VƏ TƏHSİL
Əmircan qəsəbəsində 87 nömrəli orta məktəb üçün yeni korpuslar tikiləcək
Bakı, 8 may, AZƏRTAC
Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusu söküləcək, 1752 şagird yerlik yeni korpuslar tikiləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisi üçün 3 milyon 210 min manat vəsait ayrılıb.
Xatırladaq ki, Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamla təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim edəcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.