MƏDƏNİYYƏT
Əmirliklərin internet nəşri Bakı, Quba və Qəbələnin turizm potensialından bəhs edir
Əbu-Dabi, 11 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Dotemirates.com” populyar internet nəşrində Azərbaycanın zəngin turizm potensialı, həmçinin xarici turistlər arasında məşhur olan Quba və Qəbələ rayonlarının təbiətinin gözəlliyi və görməli yerləri barədə məqalə dərc edilib.
AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd olunur ki, bu yay turistlər gözəl təbiəti və bir sıra maraqlı görməli yerləri ilə məşhur olan Azərbaycanı ziyarət edə bilərlər.
Məqalədə Azərbaycanın ən mühüm və populyar turizm istiqamətindən - ölkənin zəngin tarixi və mədəniyyəti ilə müasirliyin bir araya gəldiyi paytaxt Bakıdan ətraflı danışılır. Müəllif qeyd edir ki, İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və digər tarixi görməli yerləri ilə yanaşı, Bakıda çoxlu gözəl park və muzeylər, o cümlədən 1000-dən çox rəsm əsərinin yer aldığı Müasir İncəsənət Muzeyi, təbiət qoruğu və turistlər üçün xeyli cəlbedici obyektlər mövcuddur.
Nəşr daha sonra Azərbaycanın Quba və Qəbələ rayonlarının böyük turizm potensialını, inkişaf etmiş müasir infrastrukturunu, bu yerlərin son dərəcə gözəl təbiətini oxucuların diqqətinə çatdırır. Bildirilir ki, buranın gözəl təbiəti, tarixi və müasir görməli yerləri Azərbaycanın bu rayonlarına istirahətə gələn bütün turistlərdə böyük maraq oyadır.
Məqalənin tam mətnini https://www.dotemirates.com/ar/details/1298545858?from=dot linkindən oxumaq olar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi