İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsi 22 binadan 1500-dən çox mənzilə dair ilkin qeydiyyat sənədləri toplayıb

Bakı, 14 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 14-də Bakıda istismarına icazə verilən daha bir binanın sakinlərinə səyyar xidmət göstərib. Belə ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində “FVS-İnşaat” MTK-ya məxsus 174 mənzilli yeni çoxmərtəbəli binanın sakinlərindən ilkin sənədlər toplanılıb. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim ediblər.

Komitədən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Tədbirdə qeyd edilib ki, mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edirlər. Həmin mülkiyyət sənədi elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar əmlak sahibinin telefonuna və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.

Komitədən bildiriblər ki, ümumilikdə 22 binada yerləşən mənzillərə dair 1500-dən çox sənəd qəbul edilib və həmin sənədlər əsasında 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Digər sənədlər hazırda icra mərhələsindədir.

Vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.

İstismarına icazə verilən binaların sakinlərinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çıxarışla təmin olunması ilə bağlı işlər intensiv xarakter alıb. Bununla bağlı vətəndaşların yaşadıqları ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət göstərilir, ilkin sənədlər toplanır. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası çərçivəsində reallaşdırılır.

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, əmlakların vaxt itirmədən və rahatlıqla rəsmi qeydiyyata alınmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.