İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 7-də növbəti hərrac keçirəcək

Bakı, 9 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məkan anlayışı olmadan vaxta qənaəti təmin edərək hərrac proseslərini vətəndaşlara təklif edir. Özəlləşdirmə sahəsində elektron hərrac sistemi xidmətlə vətəndaş arasındakı məsafəni aradan qaldırır, effektivliyi və optimallığı təmin edir. Elektron formada seçim, sifariş və onlayn iştirak prosedurları investorların prosesdə iştiraketmə imkanını genişləndirərək ictimai marağı artırır.

Komitə tərəfindən növbəti hərrac avqustun 7-də baş tutacaq. Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.

Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan şəhərində , Bərdə, Zaqatala və digər rayonlarda yerləşir. Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Şirvan şəhəri, Salyan şosesində yerləşən “Anar” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30 faizi hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı sahəsində investorun iqtisadi potensialını artıra biləcək.

Hərraca ərazi müxtəlifliyi ilə bərabər, hər bir investorun büdcəsinə uyğun ola biləcək dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Salyan, Astara, Biləsuvar və digər bölgələrdə yerləşən əmlakların ilkin hərrac qiyməti 500 manat ilə 1 milyon 500 min manat aralığındadır. Ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 3 min 763 kvadratmetr intervalında olan kiçik dövlət müəssisələri investorlara biznes planlarına uyğun əmlaklar tapmaq üçün imkan yaradır. Torpaq sahəsi ilə birgə özəlləşdirilməsi nəzərdə tutulan Lənkəran rayonu, Darquba kəndində yerləşən Əmlak kompleksinin ümumi faydalı sahəsi 62 kvadratmetr, ilkin hərrac qiyməti 15 min manatdır. Prosesə Salyan rayonunda Yüksəliş yardımçı təsərrüfatı, Qobustan şəhərində Taxıl qəbulu məntəqəsi, paytaxtın Xəzər rayonunda 103 saylı yanacaqdoldurma məntəqəsi kimi dövlət əmlakları da çıxarılıb.

Müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncə və Mingəçevirdə yerləşir. Gəncə şəhərində yerləşən ümumi faydalı sahəsi 158 kvadratmetr olan əmlak üçün ilkin qiymət 17 min manat təyin olunub. Ərazinin geniş, qiymətin uyğun olduğu bu qeyri-yaşayış sahəsinə investisiyanın qoyulması sərmayəçiyə əmlakdan fərqli sahələrdə xidmət obyekti kimi istifadə şansını verir.

Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Hərracda iştirak etmək istəyən şəxslərin prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10 faizi həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.