İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında Memorandum imzalanıb VİDEO

Vyana, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanla Avropa ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə iyulun 6-da Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbərləri arasında işgüzar görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycan tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Avstriya tərəfindən Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbəri Vernher Hofman imzalayıblar.

Sonra tərəflər arasında Azərbaycan və Avstriyada daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfin nəzərinə çatdırılıb. Komitə sədri bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-a yaxın elektron xidmətin göstərildiyini qeyd edib.

Görüş çərçivəsində, həmçinin qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və gələcək perspektiv istiqamətlər müəyyənləşdirilib. Bu baxımdan, imzalanmış Anlaşma Memorandumu daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə qarşılıqlı yardım, tərəflər arasında təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycan və Avstriya arasında əməkdaşlığı nəzərdə tutur. Memorandumun başlıca məqsədi müvafiq istiqamətdə hər iki ölkənin təcrübəsinin müsbət tərəflərindən qarşılıqlı şəkildə istifadə edilməsi və işçilərin peşəkar səviyyələrinin artırılmasından ibarətdir.

Görüş və imzalanma mərasimində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi də təmsil olunub.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.