İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsinin “qaynar xət”ləri 193 vahid çağrı mərkəzinə birləşdirilib

Bakı, 23 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “qaynar xət”ləri 193 vahid çağrı mərkəzinə birləşdirilib.

Komitədən AZƏRTAC-a bildirilir ki, artıq komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə -193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilərlər. Başqa sözlə, ölkə əhalisi komitənin fəaliyyəti ilə bağlı yaranan bütün suallarının cavabını sadəcə 193 saylı vahid çağrı mərkəzinə zəng etməklə öyrənə bilərlər.

Ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları artırılıb. Belə ki, gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.

Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsidir.

Bildirilir ki, əvvəllər komitənin yanında fəaliyyət göstərən bütün qurumların hər birinin ayrılıqda çağrı mərkəzləri mövcud idi. Bu isə vətəndaşlarda müraciət edən zaman vaxt itkisinə səbəb olurdu. Ancaq vahid 193 saylı çağrı mərkəzi yaradılmaqla, vətəndaşlar həm vaxtlarına qənaət edirlər, həm də daha tez suallarına cavab ala bilirlər.

Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirilir. Komitənin səlahiyyətlərinə aid suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə şikayət daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyətı struktur vahidinə göndərilir. Həmin struktur, şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Vahid çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı “qaynar xətt”inə zəng etməklə, dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər.

Müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.