REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib VİDEO
Oğuz, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 18-də Oğuz şəhərində Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən olunması, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər.
Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciət və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.
Qəbul zamanı komitə sədri diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklər və “bir pəncərə” prinsipinin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əlçatanlığı təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar məntəqələrdə və cəbhəyanı bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.
Qəbul zamanı K.Həsənov dövlətimizin başçısının Nazirlər Kabinetinin son iclasında torpaqların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı tapşırıqlarına toxunub. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə son dövrlər torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm islahatlar həyata keçirilib. Torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. İyulun 13-də daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı da təsdiq olunub. Proqramın məqsədi ölkədə torpaq münasibətlərinin inkişafına, torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsinə nail olmaqdır.
Komitə sədri bildirib ki, torpaqların səmərəli istifadəsinə nəzarət torpaqların iqtisadi dövriyyəyə qaytarılmasını təmin edir və səmərəsini artırır. Torpaq idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bütün kateqoriyalı torpaqların elektron uçotu sisteminin yaradılması işi aparılır. Bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu formalaşdırmaq, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların dəqiq həcmini müəyyənləşdirmək, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaqdır.
Qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən dinlənilib və müraciətlərinə baxılıb.