REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaş qəbulu keçirib
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 14-də Şəmkirdə növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri qəbulda Şəmkirlə yanaşı, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, torpaqların sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər. Bir neçə vətəndaşın müraciəti isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub.
Komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlər verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.
Kərəm Həsənov qəbulda diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklərin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq, əlçatanlığı və vətəndaş məmnunluğunu təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.
Qəbul zamanı vətəndaşlara bildirilib ki, ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl-torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl-geobotaniki tədqiqat işləri aparılıb.
Qeyd olunub ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi tədbirlərindən söz açan komitə sədri Azərbaycanda özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Daha səmərəli, operativ və şəffaf özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması məqsədilə komitə tərəfindən əhəmiyyətli addımların atıldığı, yeni “Elektron hərrac” xidmətinin yaradıldığı və investorların, vətəndaşların və maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. “Elektron hərrac” xidməti hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. Vurğulanıb ki, gələcəkdə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını və komitə sədrinə təşəkkürlərini bildiriblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.
Qəbulun yekununda vətəndaşların nəzərinə çatdırılıb ki, komitənin həyata keçirdiyi sosial, innovativ layihələrin əsas məqsədi vətəndaşların xidmətlərdən istifadə prosesində rahatlığın və operativliyin təmin edilməsi, vətəndaş rifahının yüksəldilməsinə istiqamətlənib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən respublika üzrə belə vətəndaş qəbullarının keçirilməsi qarşıdakı aylarda da davam etdiriləcək.