İQTİSADİYYAT


Əmlak Xidmətləri Məkanında 50 mindən çox vətəndaş müraciəti, 62 mindən artıq xidmət sayı qeydə alınıb

Gəncə və Xaçmazda Əmlak Xidmətləri Məkanının açılması planlaşdırılır

Bakı, 25 aprel, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Əmlak Xidmətləri Məkanında ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən artıq xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələrlə bağlıdır.

Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Əmlak Xidmətləri Məkanında təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var, həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

Əmlak Xidməti Məkanında ümumilikdə komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, vətəndaşlara 100-dək işçi tərəfindən xidmətlər göstərilir.

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsinə imkan yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə, sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.

Komitə könüllülük fəaliyyətinin genişlənməsinə də töhfə verir. Belə ki, binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşlar burada yerləşdirilən xüsusi terminallar vasitəsilə ödənişlərini həyata keçirə bilərlər.

Eksterritorial iş prinsipinə əsaslanan Əmlak Xidməti Məkanında elektron idarəetmə sistemi vasitəsilə xidmətlər dəqiq, prosedurlar daha sürətli həyata keçirilir. Bina İKT avadanlıqları ilə tam təchiz olunub.

Vətəndaşlar məlumat mərkəzinə yaxınlaşmaqla informasiya əldə edə bilirlər. Bununla yanaşı, onların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən monitorlar quraşdırılıb. Bu da vətəndaşlara göstərilən xidmətlərin növləri, üstünlükləri, tələb olunan sənədlərin siyahısı barədə informasiyanı rahat əldə etməyə imkan yaradır. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətləri internet üzərindən yerinə yetirə bilirlər.

İnzibati binanın birinci mərtəbəsində uşaq oyun sahəsi də mövcuddur. Burada, həmçinin kafe və kitabxana da fəaliyyət göstərir. Növbə zamanı vaxtın səmərəli keçməsi üçün kitabxanadan, kafedən istifadə etmək olar. Həmçinin vətəndaşların rahatlığı və xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsi üçün müasir mebel və avadanlıqlar quraşdırılıb.

Vətəndaşların internetə çıxış imkanlarının yaxşılaşdırılması ilə bağlı pulsuz “WiFi” quraşdırılıb. Binanın daxili ilə yanaşı, xarici görünüşü də zövqlə inşa edilib. Müasir dizaynda qurulması Bakının memarlıq görünüşünə əlavə gözəllik qatır. Həmçinin məkanın ərazisi abadlaşdırılıb, asfalt və yaşıllıq salınıb, yeni işıq dirəkləri quraşdırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır. Artıq Gəncə və Xaçmazda da Əmlak Xidmətləri Məkanının açılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.