İQTİSADİYYAT


Əmlak Xidmətləri Məkanında 70 minədək vətəndaş müraciəti olub

Bakı, 15 may, AZƏRTAC

Əmlak Xidmətləri Məkanında 70 minədək vətəndaş müraciəti qəbul edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, bütün fəaliyyət sahələrində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Qeydiyyat xidmətləri əhaliyə daha da yaxınlaşır, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində elektron mühitin sferası genişlənir. Mühüm yeniliklərdən biri, vətəndaşların qeydiyyat prosedurlarını sadələşdirən elektron çıxarışın tətbiqi olub. Artıq Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, çıxarışların elektron şəkildə verilməsi prosesi həyata keçirilir. Elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-dək, o cümlədən Bakı şəhəri üzrə isə 330-dək elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar, hətta 1 iş günü ərazində də verilir.

Eyni zamanda, ölkə başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olub. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Bu fərmana əsasən artıq 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib.

Ümumiyyətlə, bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 72,4 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minədək (27,2 faizi) ilkin, 52,7 minədək (72,8 faizi) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1500-dək qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-dək isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Yanvar-aprel aylarında 62,5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minədək ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minədək məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minədək vətəndaş müraciəti qəbul edilib. Həmçinin daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan ümumilikdə 30,5 mindən çox vətəndaş istifadə edib.

Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən “Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol” kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.