SİYASƏT


“Amnesty International”, “Human Rights Watch” və “Vice News” erməni faşizmini fakt olaraq təsdiqlədilər

Bakı, 30 oktyabr, AZƏRTAC

Dünya ictimaiyyəti artıq erməni faşizmini və vandalizmini fakt olaraq təsdiqləyir. ABŞ-ın “Vice News” kanalı, “Amnesty İnternational” və “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyinə dair açıqlama yaymaları da göstərir ki, artıq dünya erməni vandalizminə və terrorizminə göz yuma bilmir. Bu isə Azərbaycan dövlətinin və xalqının Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsidir. Bəlkə də ermənilər düşünürdülər ki, Gəncə və Bərdə terrorları ilə xalqımızın mübarizə əzmini sındıracaqlar. Amma baş verənlər onu göstərir ki, belə hadisələr nəinki insanların əzmini sındırır, əksinə, Azərbaycan xalqını daha da mətinləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, dünya mediasının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın azərbaycanlılara qarşı qadağan olunmuş silahlardan istifadə etməsinə dair açıqlamaları işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar üsullarla mübarizə apardığını tam çılpaqlığı ilə ortaya qoyur. Bununla da bütün dünya şahid olur ki, Paşinyan rejimi Ermənistanın açıq-aşkar terrorçu və faşist dövlət olduğunu bir daha təsdiq edir. “Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş raketlərlə hücumundan sonra Avropa İttifaqının keçmiş hərbi müşaviri, “Amnesty İnternational”ın, BMT-nin, “VİCE News”un əməkdaşları və hərbi ekspertləri tərəfindən dəlil və sübutlara baxış keçirilib. Onlar birmənalı təsdiqləyiblər ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb. Qadağan olunmuş bombalar xəstəxanaya yaxın yaşayış ərazisinə və insanların sıx toplaşdığı ticarət mərkəzinin ətrafına düşüb. Nəticədə azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. “Amnesty International”ın böhrana cavab mütəxəssisləri erməni qüvvələri tərəfindən Azərbaycan şəhərlərinə atılan raketlərin qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər. Bir sözlə, “Amnesty International”ın, “Human Rights Watch”un və “Vice News” kanalının mütəxəssisləri, həmçinin beynəlxalq hərbi ekspertlər erməni faşizminin və vandalizminin növbəti təzahürünü fakt olaraq təsdiqləyiblər”, - deyə baş redaktor qeyd edib.

Ermənistan dövlətinin bir qayda olaraq bütün məsələlərdə insanlıq və əxlaq normalarına zidd mövqe nümayiş etdirdiyini vurğulayan Vüqar Rəhimzadə deyib: “Vəhşiliyin və terror aktının törədilməsi, hərbi əməliyyatların getdiyi zonadan uzaqda yerləşən Bərdə şəhərindəki dinc əhalinin qadağan edilmiş raketlərdən iki dəfə bombalanması onu göstərir ki, təlxək Paşinyan rejimi nəinki bütün region, eləcə də sivil dünya üçün real təhlükədir. Bu terror aktları miqyasına və əhatə dairəsinə görə kifayət qədər genişmiqyaslı hücumdur və onlarca uşaq bu qətliamın qurbanıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.