İQTİSADİYYAT


“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” mövzusunda təlim başlayıb

Bakı, 5 aprel, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” (ISM Code) mövzusunda təlimə start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimi dünyanın ikinci ən böyük dənizçilik təsnifat cəmiyyəti olan Amerika Dəniz Gəmiçilik Bürosu (ABS) keçirir.

Açılış tədbirində çıxış edən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov qurumda ilk dəfə təşkil olunan bu təlimə görə Amerika Dəniz Gəmiçilik Bürosuna təşəkkür edib və belə silsilə tədbirlərin agentliyin işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Sədr bildirib ki, bu təlim ABŞ təsnifat cəmiyyəti ilə uğurlu əməkdaşlığın bariz nümunəsidir və sonda agentlik əməkdaşlarının təltif ediləcəyi ABS sertifikatları onların müvafiq sahədə biliklərinə dəlalət etməklə gələcək peşəkar fəaliyyətinə dəstək olacaq.

Amerika Dəniz Gəmiçilik Bürosunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ryan Salamati isə təlimçiləri salamlayaraq tədbirin təşkili üçün agentliyə təşəkkür edib və kursun gələcəkdə qurumun işçi heyəti üçün faydalı olacağına əminliyini ifadə edib.

Təlim zamanı iştirakçılara “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumat verilib. Bununla yanaşı, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda tematik seminarlar keçirilib.

Üç gün davam edəcək təlimin sonunda Amerika Dəniz Gəmiçilik Bürosunun nümayəndəsi daxili auditorları maraqlandıran sualları cavablandıracaq və onlara sertifikatlar təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.