ELM VƏ TƏHSİL
Amsterdamda Azərbaycanın “EaPConnect” layihəsi ilə bağlı görülən işlərə dair hesabatı dinlənilib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və həmin institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev Niderlandın Amsterdam şəhərində keçirilən GEANT Assosiasiyasının Baş Assambleyasının 16-cı iclasında və “EaPConnect” layihəsinin İdarəetmə Şurasının iclaslarında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimlər iclaslarda Şərq Tərəfdaşlığı regionuna daxil olan bütün ölkələri əhatə edən elektron elm infrastrukturu üzrə görülən işlər, eləcə də “EaPConnect” çərçivəsində KARDESSA layihəsinin icrası, antiplagiatlıqla bağlı aparılan müzakirələrdə yaxından iştirak ediblər.
Tədbirdə “EaPConnect” layihəsinin İdarəetmə Şurasının iclasında Şərq Tərəfdaşlığı ölkələrinin layihə ilə bağlı hesabatları dinlənilib.
İclasda R.Əliquliyev Azərbaycanın “EaPConnect” layihəsi ilə bağlı görülən işlərə dair hesabatını təqdim edərək, İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.
İnstitutun “EaPConnect” layihəsi ilə bağlı hesabatı qəbul edilərək qənaətbəxş hesab olunub.
Qeyd edək ki, GEANT Baş Assambleyasının iclasında, həmçinin GEANT Assosiasiyasında İdarəetmə Şurasının tərkibinin müəyyənləşdirilməsi üçün seçki keçirilib. Vəzifələrə təyinatla bağlı səsvermədə R.Əliquliyev Azərbaycanı təmsil edib.