Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin III qurultayı keçiriləcəkdir
AzerTAg.az
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 17-də Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı və yaradılmasının beşilliyi münasibətilə yubiley tədbiri keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Qurultayda BAK-ın yeni idarə heyəti formalaşdırılacaq, yeni sədr seçiləcəkdir.
Mərkəzi mənzil-qərargahı Amsterdamda yerləşən BAK 2006-cı ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması istiqamətində mühüm işlər görmüşdür. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında, xalqımızın milli-mədəni irsinin, zəngin tarixinin təbliğ olunmasında bir sıra kütləvi tədbirlər həyata keçirmiş və hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır.
Xəbərin mətnində orfoqrafik səhv var