MƏDƏNİYYƏT


Ən böyük arzum atamın İçərişəhərdəki emalatxanasını ev muzeyi kimi görməkdir

Bakı, 15 avqust (AZƏRTAC. Abdulla Suvar). İstedadı ilə mənsub olduğu millətə hər zaman baş ucalığı gətirən, ölümü ilə ölməzliyə qovuşan elə insanlar var ki, onlar haqqında nə qədər yazılsa da, danışılsa da yenə azdır. Bəzən uzaqdan çoxlarına qeyri-adi görünən belə dühaların həyat yoluna nəzər salanda dərk edirsən ki, qazandıqları əlçatmaz uğurlara baxmayaraq, bu insanlar sadədən-sadə, adidən-adi bir ömür yaşayıblar. Azərbaycanın Xalq Rəssamı, Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov da belə şəxsiyyətlərdəndir.

Görkəmli fırça ustasının qızı, Əməkdar Rəssam Əsmər Nərimanbəyovadan eşitdiklərimiz bir daha düşündüklərimizi təsdiqlədi. Onun atası ilə bağlı xatirələrini AZƏRTAC-ın oxucularına təqdim edirik.

X X X

Toğrul Nərimanbəyov - bu ad çox şey deyir. Ata, qəlb dostu, arxa, kömək, dünyaca məşhur rəssam, gözəl vokal ustası və ən əsası böyük azərbaycanlı. Onun yoxluğuna hələ də inana bilmirəm.

Atam musiqiçi olmağımı istəyirdi. Mənim müşayiətimlə operalardan ariyalar oxumaq arzusunda idi. Elə bu istəklə də məni Bülbül adına Orta İxtisas Musiqi məktəbinə qoydu. Burada fortepianonun sirlərinə yiyələnsəm də, sonradan musiqiçi yox, rəssam oldum. Musiqi məktəbində oxuyarkən, atam mənim müşayiətimlə oxumağı xoşlayardı. Xüsusilə də evimizdə qonaqlar olanda bu hadisə tez-tez təkrarlanardı. Mən onun sevdiyi ariyaları çalar, o isə oxuyardı. Unudulmaz günlərimiz çox olub. Evimizə məşhur sənət adamları tez-tez gələrdi.

Rəssam olmağımda atamın və anamın - heykəltəraş Elmira Hüseynovanın böyük təsiri olub. Çünki mən uşaq olanda biz emalatxanada qalırdıq. O vaxt atamın hələ evi yox idi. Atam və anam günün müəyyən saatlarını işə həsr edir, biri heykəl, digəri isə tablolar üzərində işləyirdi. Biz qonaqlarımızı da bu emalatxanada qəbul edirdik. Nə az nə çox, düz iki il belə yaşadıq. Ən maraqlısı isə o idi ki, digər sənət adamlarından fərqli olaraq valideynlərim respublika daxilində və keçmiş sovet məkanında açılan bütün sərgilərinə məni də özləri ilə aparırdılar. Belə bir mühitdə böyüdüyümdən sənətə vuruldum. Marağımı görən atam bu sahədə öz bildiklərini mənimlə bölüşdü. Məsələn, ispan rəsm məktəbinin digər məktəblərdən nə ilə fərqləndiyini mənə izah edirdi. Bir sözlə, gördüklərim, oxuduqlarım, valideynlərimdən öyrəndiklərim yaradıcılığıma çox böyük təsir göstərdi.

Onun gözəl bariton səsi vardı. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi. Klassik musiqiyə dərin məhəbbəti olan Toğrul Nərimanbəyov Azərbaycan muğamlarının vurğunu idi. Milli sərvətimiz olan muğamlara öz baxışı vardı. O deyərdi: “Mən muğamı dinləyəndə onun bütün rəng çalarlarını anlayıram, hətta görürəm. Ahəngindəki qəmli notlar mənə çox təsir edir. Bu səbəbdən də muğam oxuya bilmirəm. Çünki o zaman qəhər məni boğur. Bəlkə də buna görə həmişə muğamı səs kimi yox, maddi mədəniyyət abidəsi kimi qəbul edirəm. Hərdən də Qərb musiqisi ilə, xüsusilə də Bethovenin simfoniyaları ilə muğam arasında nəsə bir bağlılıq duyuram”.

Hər zaman atamın arzusu elə sərgi salonunda konsert vermək idi. Yaxşı ki, İtaliyada, Fransada keçirilən fərdi sərgilərində buna nail oldu. Sevinirəm ki, sağlığında onun doğma vətənində iki konserti təşkil edildi. Onlardan biri “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində, digəri isə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında baş tutdu.

Toğrul Nərimanbəyov dövrünün bir sıra görkəmli simaları ilə çox yaxşı dostluq əlaqələri qurmuşdu. Bu sırada Səttar Bəhlulzadənin xüsusi yeri vardı. Onun sənətini yüksək qiymətləndirən atam deyərdi: “Belə rəssam bir də dünyaya gəlməyəcək”. S.Bəhlulzadənin emalatxanası yaşadığımız binanın beşinci mərtəbəsində - evimizin üstündə yerləşirdi. Atam tez-tez yuxarı qalxar, sənətkarla söhbət edərdi. S.Bəhlulzadə də evimizin ən əziz qonaqlarından biri kimi, hətta bəzən bizdə gecələyərdi.

Bakıda tez-tez olduğumuz məkanlardan biri də Xalq Şairi Rəsul Rzanın evi idi. Həftədə bir neçə dəfə onlarda qonaq olardıq. Atam saatlarla Rəsul müəllimlə, oğlu Anarla sənət, həyat, yaradıcılıq axtarışları barədə söhbətlər edərdi. Anamın da Nigar xanım Rəfibəyli ilə söhbəti tutardı. Sanki onlarla doğmalaşmış, qohumlaşmışdıq.

Atamın ümummilli lider Heydər Əliyevlə də yaxşı münasibətləri olub. Ulu Öndər hər zaman onun sənətinə böyük diqqətlə yanaşıb.

Toğrul Nərimanbəyov xarici rəssamlara, xüsusilə də fransız fırça ustalarından Anri Matisə, Pol Sezana böyük rəğbət bəsləyirdi. Onları dünya rəngkarlığında öz sözü, öz izi, öz dəst-xətti olan fitri istedad sahibləri hesab edirdi.

Məndə atamın tələbə vaxtında, gənclik illərində çəkdiyi əsərlər qalıb. O, əsasən qırmızı və göy rəngləri çox xoşlayırdı. Şübhəsiz ki, bu, onun əsərlərində də özünü göstərir. Mən onun əsərlərindən ibarət böyük sərgi təşkil etmək niyyətindəyəm. Ən böyük arzum atamın İçərişəhərdəki emalatxanasını ev muzeyi kimi görməkdir.

O, sadə, olduqca ürəyiyumşaq adam idi. İnsanlara kömək etməyə çalışırdı. Var-dövlət, sərvət haqqında heç vaxt düşünmürdü. Olduqca səxavətli idi.

Hər gün səhər 6-da durar və oxumağa başlardı. Saat 7-dən 12-dək işləyirdi, sonra gedib gəzər və qayıdıb evdə bir neçə saat yatardı. Günortadan sonra emalatxanaya gedər və axşamadək çalışardı. O, heç bir əsərinə uzun vaxt sərf etməyib. Qısa bir zamanda gözəl bir sənət əsəri qoyardı ortaya.

Xəstəxanadakı son günlərində də uzaq bir məmləkətdə milli yeməklərimizdən dadmaq istəyirdi. Öz yeməklərimizi çox xoşlayırdı.

Nədənsə son vaxtlar Bakıya qayıtmaq, Mərdəkanda yaşamaq haqqında düşünürdü. Atam Buzovnada anadan olub. Bu, onun şəxsiyyət vəsiqəsində də qeyd olunub. Mən uşaq olanda atam bizi tez-tez ora aparardı. Demək olar ki, bir neçə il yay aylarını orada keçirmişik. O, dünyasını dəyişməmişdən əvvəl yayda mütləq Bakıya gələcəyini söyləmişdi. İnanıram ki, onun Vətən sevdalı ruhu burada, bizimlə birlikdədir və yaxın vaxtlarda cismi də Vətən torpağına əmanət ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.