REGİONLAR


“Ən çox gəlin köçən qızlar üçün sifariş alıram” - Masallıda misgərlik sənətini yaşadan usta FOTO VİDEO

Masallı, 19 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev yarım əsrə yaxındır ki, qədim xalq sənəti olan misgərliklə məşğuldur. O, əslən misgər ustalarının diyarı olan İsmayıllı rayonunun Lahıc kəndindəndir. Taleh Masallı rayonunda bu peşəni yaşadan yeganə ustadır.

AZƏRTAC xəbər verir ki, onun misdən və bürüncdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları hər kəs tərəfindən maraqla qarşılanır. Emalatxanası sanki kiçik muzeyə bənzəyir. Lahıcda anadan olan Taleh Ağayev sonralar ailəsi ilə birlikdə Masallıya köçüb. O, uşaq yaşlarından misgərliyə həvəs göstərərək atası usta Nurəddindən bu sənətin sirlərini öyrənib. Ailədə dörd qardaş olsalar da, atasının yolunu təkcə Taleh Ağayev davam etdirir.

O, misdən müxtəlif məişət əşyaları hazırlamaqla bərabər, onların təmiri ilə də məşğul olur. Əvvəllər mis qablara tələbatın daha çox olduğunu deyən usta, sifarişlərin sayının azaldığını bildirir. “Son vaxtlar bölgəmizdə mis qazanlara və məişətdə istifadə olunan qablara tələbat artsa da, ümumilikdə, sifarişlərin sayı azalıb. Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram. Müştərilərimin çoxu yerli sakinlərdir. Amma xarici turistlər də emalatxanaya gələrək müxtəlif sifarişlər verirlər.”

Usta deyir ki, əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir. “Misgərlik çətin sənətdir. Mis qabları gərək elə düzəldəsən ki, calağı bilinməsin. Əl qabiliyyətin yaxşı olmalıdır ki, naxışlarda bir məna yarada biləsən”, - deyir.

T.Ağayevin misdən hazırladığı məişət və bəzək əşyaları, suvenirlər dəfələrlə rayonda və Bakıda keçirilən sərgilərdə nümayiş etdirilib.

Usta rayonda misgərliyi inkişaf etdirmək, öz balaca emalatxanasında bu qədim xalq sənətinin davamçılarını yetişdirmək istəyir: “Son zamanlar misgərlik sənətinə maraq azalsa da, bu işin sirlərini öyrənmək istəyənlər hələ də var. Arzum budur ki, misgərliyi yaşadanların sayı çoxalsın, çünki bu sənət bizim qədim tariximizin, adət-ənənələrimizin nişanəsidir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.