ELM VƏ TƏHSİL


“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin nəticələrinə görə, Binəqədi rayonu üzrə 246 nömrəli məktəb-lisey, Sabunçu rayonu üzrə 67, Xətai rayonu üzrə 191, Nərimanov rayonu üzrə 177, Pirallahı rayonu üzrə 168, Qaradağ rayonu üzrə 184, Suraxanı rayonu üzrə 84, Xəzər rayonu üzrə 156, Nəsimi rayonu üzrə 164, Nizami rayonu üzrə 210, Səbail rayonu üzrə 189-190, Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən qalib seçilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilib.

R.Tağıyev ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu meyarlarının əsas tutulduğunu vurğulayıb.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırkı vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəb saytlarında operativliyin artırılması və maarifləndirici xarakterli məqalələrin yerləşdirilməsini tövsiyə edib.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər idarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsi 2017-2018-ci tədris ilinin əvvəlindən start götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.