ELM VƏ TƏHSİL
“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi davam edir
Bakı, 12 mart, AZƏRTAC
Təhsil nazirinin əmrinə əsasən, IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən müsabiqə davam edir. Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin müsabiqənin rayon mərhələsinə vəsiqə qazanmış təqdimatları Təlimə Dəstək Mərkəzində dinlənilir. Dinləmələrdə ən uğurlu təqdimatlar müsabiqənin şəhər mərhələsinə keçəcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, martın 14-dən 19-dək təşkil olunacaq şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi isə apreldə keçiriləcək ölkə turuna vəsiqə qazanacaq.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, fikirlərini faktlarla əsaslandırması, Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.