SİYASƏT


“Ana Vətən” Qadınlar Birliyi Niderlandın aidiyyəti qurumlarına Dağlıq Qarabağla bağlı bəyanat ünvanlayıb

Rotterdam, 12 sentyabr, AZƏRTAC

Artıq 30 ilə yaxındır Ermənistan hərbi qüvvələri Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal altında saxlayır. Bütün beynəlxalq qurumlar və dövlətlər Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktını tanımasına və beynəlxalq hüququn normalarına uyğun olaraq erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxmasını tələb etməsinə baxmayaraq, Ermənistan hələ də işğalçılıq siyasətini davam etdirir.

BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarına Ermənistan dövləti məhəl qoymur, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin bu ölkənin parlamentinə, Xarici İşlər Nazirliyinə, eləcə də qadın təşkilatlarına ünvanladığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, Azərbaycan hökumətinin münaqişəni sülh yolu ilə həll etməyə çalışmasına baxmayaraq, Ermənistan dəfələrlə ölkəmizin beynəlxalq sərhədlərini də pozaraq dinc sakinləri və hərbçiləri qətlə yetirib. Bu il iyulun 12-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində qəfil hücuma keçməsi buna bariz nümunədir. Ermənistan hökuməti beynəlxalq ictimaiyyətə yanlış məlumat verməkdə atəşkəs rejimini pozmaqda davam edir. Bu da bütün dünyada yaşayan azərbaycanlıların haqlı qəzəbinə səbəb oldu və onlar bu yalan informasiyalara qarşı çıxdıqlarını dinc keçirdikləri aksiyalarla çatdırmağa çalışdılar. Ancaq ermənilər belə aksiya və mitinqlərdə öz təcavüzkar simalarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdilər. Los-Ancelesdə, Brüsseldə, Londonda ermənilərin törətdikləri dağıntılar, insanlara, hətta jurnalistlərə qarşı etdikləri vəhşiliklər onların hiyləgər və aqressiv xislətlərini açıb göstərdi.

İyul hadisələrindən sonra hazırda Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində və hər iki ölkənin qoşunları arasında təmas xəttində sakitlik müşahidə olunsa da, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatedici məqamlar hələ də mövcuddur. Son zamanlar sosial mediada, dünya mətbuatında yayılan görüntülər isə bu narahatlıqları daha da gücləndirir.

2018-ci ildə regionda sülhün müdafiəçisi kimi təqdim edən və “Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Ermənistan baş nazirinin arvadı Anna Akopyanın son görüntüləri təəssüf ki, heç də xoşagələn mesajlar vermədi. Bir il yarımdan sonra həmin “sülhsevər xanım” özünün “sülhpərvər qadınları” ilə birlikdə Azərbaycanın Ermənistan işğalı altında olan Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə fotosessiyalı xəbərlərin yayılması, onun sülh çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq qadınları silahlardan istifadə etməklə Azərbaycanın torpağı olan Dağlıq Qarabağı müdafiə etməyə çağırması Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verdi.

Düşünürük ki, təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini bir daha sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar? Qeyd etmək istəyirik ki, Ermənistan səhv yoldadır. İllərdir Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf bölgələri işğal altında saxlayan Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə böyük təhdiddir.

Beynəlxalq ictimaiyyətə hüquq və qanunlara məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə çağırış edilən bəyanatda, həmçinin deyilir: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tələb edirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır”.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ölkənin aidiyyəti qurumlarına göndərdiyi bu bəyanatda beynəlxalq ictimaiyyəti indiyədək göstərdiyi qeyri-fəal mövqeyinə yenidən baxmağı, Ermənistandan isə Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmağı, beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyi və silahlı qüvvələrini geri çəkməyi tələb edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.