ELM VƏ TƏHSİL


Ana dili qorumağa borclu olduğumuz dəyərdir

Bakı, 30 aprel, AZƏRTAC

Hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun dilidir. Ana dili milli sərvət, xalqın milli kimliyinin göstəricisidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır. Tarixboyu istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, sovet dönəmində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə doğma dilimiz hakim mövqedə deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi o dövrün dövlət siyasəti üçün prioritet hesab olunmurdu. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkə həyatının bütün sahələrində ciddi dönüş yarandığı kimi, Azərbaycan dilinə münasibət də əsaslı şəkildə dəyişdi. Ümummilli Lider Azərbaycan dilinin dövlət orqanlarında tətbiq dairəsini genişləndirməyə başladı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu qazanması üçün səylər göstərdi.

1969-cu ildə Azərbaycanın yeni lideri indiki Bakı Dövlət Universitetinin yubiley tədbirində ittifaqın hər yerindən, həmçinin xarici ölkələrdən olan qonaqların qarşısında doğma ana dilində çıxış etdi. Ulu Öndər o günə qədər formalaşmış olan standartları ilk dəfə pozdu. Bu münasibətlə onu təbrik edənlərə isə dahi rəhbər Heydər Əliyevin cavabı belə oldu: “Burada qeyri-adi heç nə yoxdur, nahaq təəccüb edirsiniz. Bu, mənim ana dilimdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”. Hətta yazıçılardan birinin ona “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deməsinə Heydər Əliyev belə cavab verir ki, “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Bu sözlərin ölkənin birinci şəxsinin dilindən səslənməsi ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoydu. Bu çıxış əslində, Ulu Öndərin respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı mesajı idi. Bu fikrində qətiyyətli olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazıldı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”, - deyən Ümummilli Lider 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da bu istiqamətdə dövlətin siyasi xəttini elan etdi. Müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri kimi təsbit edildi.

M.Vəliyeva qeyd edib ki, ana dilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edilir. Bu Fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Beləliklə müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyərə malik daha bir gün əlavə edildi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Bu Qanun dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Prezidentin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurlu davamının bariz nümunəsi idi.

Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Eyni zamanda, ölkə rəhbərinin dövlətimizin əsas atributlarından olan ana dilimizin qorunması ilə bağlı verdiyi bu sərəncamlar, heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiya idi. Bu gün Azərbaycan dilinin dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin siyasi-hüquqi təminatıdır.

“Ulu Öndərin vaxtilə söylədiyi, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” fikri bu gün vəzifəsindən, statusundan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün nümunə olmalıdır. Uşaqdan böyüyə hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün hər kəs çalışmalıdır. Emin Sabitoğlunun məşhur “Şirin dil” mahnısında da deyildiyi kimi, “Nə deyirsə yad desin, öz dilimdir şirin dil”.

Danılmaz bir faktdır ki, ən gözəl şeirlərin, ən həzin nəğmələrin, bayatıların dilidir Azərbaycan dili. Bu dili qorumaq və ən dəyərli milli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ulu öndər Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ölkədə dil siyasətinə eyni qayğı ilə yanaşan Prezident İlham Əliyevin də dediyi kimi, “Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir” fikirləri bir daha onu göstərir ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi dühaların zəngin söz irsi ilə bizə gəlib çatan ana dilimizin saflığını mühafizə etmək hər birimizin müqəddəs borcudur. Dilimizin əsas milli atributlarımızdan biri kimi nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə ötürülməsi kimi ümumxalq işinə hər kəs öz töhfəsini verməlidir. Çünki ana dili qorumağa borclu olduğumuz dəyərdir”,- deyə BŞTİ müdiri fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.