REGİONLAR
Ana dili xalqın milli sərvətidir
Xaçmaz, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Ana dilimizi qoruyub saxlamaq və gələcək nəsillərə ərməğan etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Ölkəmizdə bütün dillərə qarşı hörmət və diqqət göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən toplantıda danışılıb.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərindəki Çənlibel parkında “Ana dili müəllimi” abidə kompleksinin qarşısına gül dəstələri düzüblər.
Kompleksdəki kitab şəkilli pannoda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram" və "Ana dili xalqın milli sərvətidir" kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb. Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli yazıçı və şairinin kitablarının qranitdən hazırlanmış təsvirləri yerləşdirilib.
Xaçmaz Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini İlhamə Nəzərova, Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova və başqaları çıxış edərək, bu günün geniş qeyd olunmasının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, 1999-cu ildə UNESCO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Günü mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək məqsədi daşıyır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Prezident İlham Əliyev tərəfindən ana dilimizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına böyük önəm verilir.
“Ana dilimizi sevək, sevdirək” mövzusunda keçirilən tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya və kitab sərgisi nümayiş etdirilib.