ELM VƏ TƏHSİL


“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin 2017-ci il 22 sentyabr tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi əməl olunmasını təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunur.

Müsabiqədə hazırda AMEA-da təhsil alan magistrant və doktorantlar iştirak edə bilərlər.

Müsabiqə çərçivəsində:

- “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim – varlığımdır” mövzularında inşa yazıları;

- klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeir dinlənilməsi;

- bir dəfə oxunmuş mətn əsasında ifadə yazıları;

- Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanılması;

- Azərbaycan dilinin dialekt sözlərinin deyilməsi və izah olunması ilə bağlı müsahibə təşkil ediləcək.

Müsabiqənin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaq:

- I yer – 1 nəfər – 1500 manat;

- II yer – 2 nəfər – hər biri üçün 1200 manat;

- III yer – 3 nəfər – hər biri üçün 1000 manat.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 10-dək iştirakçının qeydiyyat formasını (əlavə olunur) və şəxsiyyət vəsiqəsinin surətini AMEA-nın Dilçilik İnstitutunun [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Əlaqə telefonu: (012) 538-19-85.

Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.