REGİONLAR


Ana dilimiz milli–mənəvi sərvətimizdir

Masallı, 20 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Ana dilimiz milli–mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə rayonun Bədəlan kənd tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Onlayn tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, tarixin dərinliklərindən süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası kimi hopan ana dilimizə dahilərimizin əsərlərində yetərincə önəm verilib, dilimizin zənginliyi və ifadə imkanlarının bariz nümunəsi olan sanballı elmi və ədəbi-bədii əsərlər yazılıb.

Ə.Tağıyeva dilimizin bugünkü vəziyyəti və onun inkişafı istiqamətində görülən tədbirlərdən də danışaraq deyib ki, müasir dövrdə dilimizin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlət başçısı olduğu dövrlərdə Azərbaycan dilinin inkişafı ilə bağlı müntəzəm olaraq fərman və sərəncamlar imzalanıb, müvafiq tədbirlər görülüb. Muzeyin direktoru çıxışında, həmçinin Prezident İlham Əliyevin dövlət dilimizin inkişafına həssas və qayğı ilə yanaşdığını, bu məqsədlə 2004-cü il yanvarın 12-də xüsusi sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova çıxışında qeyd edib ki, milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümü olan ana dilimizi şagirdlərə düzgün tədris etmək, onun bütün gözəllik və incəliklərini çatdırmaq, məktəblilərin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək müəllimlərin öhdəsinə düşən vacib məsələlərdən biridir.

Muzeyin elmı işçisi Dilgüşə Məmmədova çıxışında dilimizin dövlət dili statusuna yüksəldilməsinin tarixi hadisə olduğunu, bunun dilimizin sonrakı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Bədəlan kənd tam orta məktəbin şagirdlərindən İlqarə Şahbazzadə və Şəfəq Qədirova da mövzu ilə bağlı çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.