REGİONLAR
Ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir
Naxçıvan, 20 fevral, AZƏRTAC
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözlər Naxçıvan Müəllimlər İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Fəxriyyə Cəfərova çıxış edərək, ölkəmizdə ana dilimizin qorunması və inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar.
Qeyd olunub ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, zənginləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı da dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda dövlət dil siyasəti uğurla həyata keçirilir, ölkəmizdə ilk dəfə “Ana dili” abidəsi məhz Naxçıvan şəhərində ucaldılıb.
Vurğulanıb ki, bu gün hər birimiz minillər boyu Qobustandan, Gəmiqayadan üzü bu yana çətin və şərəfli yol keçərək bugünkü səviyyəyə gəlib çatan dilimizin saflığının qorunmasında əsl vətəndaş mövqeyi sərgiləməli, harada olmağımızdan asılı olmayaraq dilimizi unutmamalıyıq. Prezident İlham Əliyevin də dediyi kimi: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Tədbirin sonunda tələbələrin ifasında doğma dilimizi tərənnüm edən şeirlər səsləndirilib, ədəbi–bədii kompazisiya nümayiş olunub.