ELM VƏ TƏHSİL
Ana dilimizi qorumaq hər birimizin müqəddəs borcudur
Tbilisi, 22 fevral, AZƏTAC
Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə GAİM-in icraçı direktoru Aygül İsayeva Beynəlxalq Ana Dili Gününün hər bir insanın, xüsusən də milli azlıqların öz ana dilini sevmək, qorumaq, inkişaf etdirmək hüququ olduğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədilə təsis edildiyini deyib. Vurğulayıb ki, bu gün hamı üçün vacib və əhəmiyyətlidir. Ana dili milli-mədəni sərvətimiz, milli varlığımız, kimliyimiz və milli qürurumuzdur. Ana dilimizi qorumaq hər birimizin müqəddəs borcudur.
GAİM-də Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Fatma Əliyeva Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O deyib ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etmək hər birimizin mənəvi borcudur.
Digər çıxış edənlər bu günün əhəmiyyətindən, ana dilinin keşiyində durub tərəqqisi üçün çalışmağın vacibliyindən danışıblar.
Sonra GAİM-də təhsil alan gənclər görkəmli Azərbaycan şair və yazıçılarının əsərlərindən parçalar ifa ediblər.
Tədbirdə muğam ustası Asim Məmmədovun şagirdləri, o cümlədən Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ustası Şəbnəm Asif qızı muğam və xalq mahnılarını səsləndiriblər.
Xatırladaq ki, 1999-cu ildə dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə UNESCO hər il fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi