REGİONLAR
Ana dilimizin saflığının qorunması hər birimiz üçün prioritet vəzifədir
İsmayıllı, 20 fevral, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə onlayn yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyalıların, yeniyetmə və gənclərin iştirak etdikləri tədbirdəki çıxışlarda 1999-cu il fevralın 21-də UNESCO tərəfindən təsis olunan Beynəlxalq Ana Dili Gününün mədəni müxtəlifliyin, o cümlədən çoxdilliliyin təbliği baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, dil xalqın ən böyük sərvəti, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitədir.
Onlayn yığıncaqda Azərbaycan dilinin qorunmasında, dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan çıxışçılar, 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapdığını diqqətə çatdırıblar. Bildirilib ki, “Dövlət dilinin təbliği işinin təkmilləşdirilməsi haqqında”, “Dövlət dili haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” fərman və sərəncamlar ana dilimizin zənginləşdirilməsi, təkmilləşdirilməsi və qorunmasında mühüm rol oynayıb.
Çıxışlarda ana dilimizin saflığının qorunmasının hər birimiz üçün prioritet bir vəzifə olduğu diqqətə çatdırılıb. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının bu baxımdan xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.