REGİONLAR


“Ana, dua et, mən arzuma çatım” deyərək döyüşə yollanan şəhid Səbuhi Sadıqovun xatirəsi anılıb VİDEO

Füzuli, 12 may, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi Sadıqov Səbuhi Rövşən oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Füzuli rayonunun axundu, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər Səbuhinin həyatından və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. Bildirilib ki, Səbuhi Sadıqov 1996-cı il mayın 9-da Biləsuvar rayonunda anadan olub. Əslən Füzuli rayonunun Ələsgərli kəndindən olan Səbuhi Bakı şəhərində orta təhsil alıb. Uşaqlıq illərindən idmana böyük həvəsi olan Səbuhi karate, kikboksinq ilə məşğul olub, yeniyetmə vaxtlarında klublararası turnirlərdə iştirak edib. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olub. Respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif edilib, çempion adını qazanıb. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional qaydada məşğul olub. O, bir çox yarışlarda ölkəmizi təmsil edərək qazandığı nailiyyətlərlə bayrağımızı yüksəklərə qaldırıb.

2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Səbuhi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Tərxis olunandan sonra 2015–2017-ci illərdə “Ultimax” Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olub. Gürcüstanda keçirilən dünya çempionatında qara kəmər qazanıb. Bununla yanaşı, “Comando Fight Klub”unu yaradaraq özü kimi çoxlu tələbələr yetişdirib.

“Ana, dua et, mən arzuma çatım” deyərək 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü yollanan Səbuhi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi 37 gün şücaətlə döyüşüb. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Səbuhi Sadıqov Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunub. O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.