CƏMİYYƏT
“Ana və körpənin sağlamlığı” mövzusunda simpozium keçiriləcək
Bakı, 9 iyun, AZƏRTAC
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibbi təhsilin keyfiyyətini müasir dünya standartlarına uyğunlaşdırmaq məqsədilə tədrisin müxtəlif növ və formaları həyata keçirilir. İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılmasında beynəlxalq təhsilin əhəmiyyətini yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, iyunun 19-da institutda Zalsburq tibbi seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ana və körpənin sağlamlığı” mövzusunda simpozium keçiriləcəkdir. Ölkəmizin şəhər və regionlarında çalışan neonatoloq və pediatrların iştirakı ilə keçirilən simpoziumda Avstriyanın Qrats Tibb Universiteti professoru Fridrix Reiterer neonatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr oxuyacaq və təlim keçəcək.