REGİONLAR


Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir

Ordubad, 4 fevral, AZƏRTAC

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Ordubad Rayon Mərkəzi Xəstəxanasında ana və uşaqların sağlamlığının qorunmasına dair keçirilən seminar-treninqdə məlumat verilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, son illər muxtar respublikada bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. İstifadəyə verilən kənd həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin hər birində zəruri avadanlıqlarla təchiz edilmiş doğuş otaqları yaradılıb.

Samrat Gəncəyeva qeyd edib ki, Səhiyyə Nazirliyinin bu ilin noyabr ayında keçirilən kollegiya iclasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsinə başlanılıb. Babək, Culfa və Şahbuz rayonlarında keçirilən tədbirlərdə müəyyən edilən vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb. Ginekoloji xəstəliklərin vaxtında aşkarlanması, qeydiyyatının aparılması, qadınların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, aşkar edilən xəstəliklərin müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri diqqətdə saxlanılıb, reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələlərinə nəzarət gücləndirilib. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılıb.

Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin sahə mama-ginekoloqu Vüsalə Babayeva hamilələrin reyestrinin təşkilində müasir metodların tətbiqi ilə əlaqədar məlumat verib.

Tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.