SİYASƏT
Anadolu Agentliyi: Türk Şurasının qeyri-rəsmi Zirvə görüşünün ən vacib məqamlarından biri görüşün Qarabağ Zəfərindən sonra baş tutması idi
İstanbul, 12 aprel, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşü barədə geniş analitik məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə bu Zirvə görüşünün ən vacib məqamlarından birinin görüşün Azərbaycanın Qarabağ Zəfərindən sonra baş tutması və şuraya üzv olan bütün ölkələrin Azərbaycanla həmrəyliklərini bir daha nümayiş etdirmələri olduğu bildirilir.
Yazıda, eyni zamanda, Zirvə görüşünün yekun bəyannaməsinin və dövlət başçılarının çıxışlarının türk dünyasının birliyi baxımından ümidverici və stimullaşdırıcı olduğu bildirilir.
Qeyd edilir ki, bu il noyabrın 12-də İstanbulda keçiriləcək rəsmi sammitdə bu Zirvə görüşü zamanı aparılan danışıqların konkretləşdiriləcəyi gözlənilir. Bu qeyri-rəsmi Zirvədə baş verən yeniliklərin ən başlıcası isə 2019-cu ildə Bakı Zirvəsində Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən şuranın adının “Türk Dövlətləri Təşkilatı” olması təklifinin digər liderlər tərəfindən qəbul edilməsi olub. İnkişaf prosesi bu şəkildə davam edəcəyi təqdirdə 2030-2040 vizionunda xüsusilə iqtisadi əməkdaşlıq və ümumi bazar kimi sahələr ön plana çıxa bilər. Bu strategiya və viziona dair qərarların ilin sonunda İstanbulda keçiriləcək rəsmi Zirvədə müzakirə olunacağı nəzərdə tutulur.
Xatırladaq ki, Türk Şurasının martın 31-də keçirilən qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın sədrliyi dövründə türkdilli ölkələrin dövlət başçıları səviyyəsində keçirilən artıq üçüncü görüşdür. COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərməkdədir.
Zirvə görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da yadda qaldı.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul