Anadolu Agentliyi tərəfindən Ankarada fotosərgi təşkil olunub
AzerTAg.az
Ankara, 30 noyabr, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi Ankarada “Istanbul Photo Awards 2022” (İstanbul Foto Mükafatları-2022) mövzusunda növbəti fotosərgi təşkil edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin salonunda keçirilən sərginin açılış mərasimində rəsmi şəxslər, səfirlər, media nümayəndələri, fotosevərlər iştirak ediblər.
Əvvəlcə “Istanbul Photo Awards” layihəsi barədə müfəssəl məlumat verilib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz çıxışında Anadolu Agentliyinin keçirdiyi fotomüsabiqələrin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “Anadolu Agentliyini hər zaman ölkəmizin arxivi və yaddaşı olaraq tanıyıram. Bütün dünyada yüksəkkeyfiyyətli işlər görürlər”.
Anadolu Agentliyinin Baş direktoru Serdar Karagöz çıxışında bildirib ki, bu il keçiriləcək üçüncü sərgi dekabrın 8-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında təşkil olunacaq.
Bildirilib ki, agentliyin təşkil etdiyi müsabiqələrdə iştirak etmək üçün ötən səkkiz ildə dünyaşöhrətli 14 min fotoqraf müraciət edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


Xəbərin mətnində orfoqrafik səhv var