CƏMİYYƏT
Anadolu Aydınlar Ocağı Azərbaycanın koronavirusla mübarizəsinə dəstək verməyi qardaşlıq borcu sayır
Ankara, 27 mart, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən Anadolu Aydınlar Ocağı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub.
AZƏRTAC xəbər verir ki, qurum adından Türkiyənin “Ziraat bankası” vasitəsilə fonda müəyyən qədər vəsait köçürən Anadolu Aydınlar Ocağının sədri, görkəmli ictimai xadim, professor İbrahim Öztək bu nəcib təşəbbüsə qoşulmalarını belə izah edib: “Azərbaycanın müstəqilliyinin bərpasını Türkiyənin varlığı qədər sevinclə qarşılamışıq. Hər zaman, hər məsələdə Azərbaycan xalqının yanında olmuşuq. Prezident İlham Əliyevin çağırışına qoşulmağı özümüzə mənəvi qardaşlıq borcu hesab edirik. Mən əminəm ki, tarixdə çox ağır fəlakətlərə sinə gələn Azərbaycan və Türkiyə çiyin-çiyinə dünyada sürətlə yayılan yeni növ koronavirus infeksiyası ilə mübarizədən mərdliklə çıxacaq. Hər yerdə, hər məqamda “Bir millət, iki dövlət” olduğumuzu göstərməkdən məmnunluq duyuruq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara