SİYASƏT


Anadolu agentliyi Azərbaycanın Vətən müharibəsinə həsr edilmiş analitik məqalə yayıb

İstanbul, 15 fevral, AZƏRTAC

Türkiyənin Anadolu agentliyində Azərbaycanın 44 gün davam edən Vətən müharibəsinə həsr edilən “Qafqazın sülh və əməkdaşlıq bölgəsi olma fürsəti dəyərləndiriləcəkmi?” sərlövhəli analitik məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibənin nəticələrinin, sadəcə, Qarabağ probleminin həlli baxımından deyil, Cənubi Qafqazın, həmçinin Avrasiyanın, hətta dünyanın gələcəyinin dəyişməsi üçün mühüm olduğu bildirilir.

Yazıda qeyd edilir ki, bu müharibə tərəflərin döyüş qabiliyyətini, bacarıqlarını və iradəsini nümayiş etdirdi. Qırx dörd günlük müharibənin nəticələri, xüsusilə erməni cəmiyyətinin, eyni zamanda, erməni lobbisinin və üçüncü ölkələrin 1988-1994-cü illər ərzində yaratdıqları mənzərənin süni olduğunu təsdiqlədi. Müharibənin ilk mərhələsinin nəticələrinin Azərbaycanla Ermənistan arasındakı güc balansı ilə deyil, xarici qüvvələrin müdaxiləsi ilə təyin olunduğunu təsdiqlədi.

Bildirilir ki, Azərbaycan rəhbərliyi daim Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin nə beynəlxalq hüquqa, nə də bölgədəki həqiqi güc balansına uyğun olmadığını, sülh təşəbbüslərinin realist və beynəlxalq hüquqa uyğun, eyni zamanda, nəticə verməli olduğunu vurğulasa da, nə Ermənistan, nə də problemi həll etmək üçün daha fəal hərəkət etməli olan beynəlxalq təşkilatlar bunu başa düşmədilər.

Həmçinin diqqətə çatdırılır ki, əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı 4 qətnaməsini yerinə yetirsəydi, bəlkə də bölgənin taleyi çoxdan həll olunardı. Lakin Ermənistanın işğalçı siyasətində israr etməsi və problemin həllinə cavabdeh qurumların laqeyd münasibəti 44 günlük müharibəni qaçılmaz etdi. Bu müharibədən sonra hər kəs gördü ki, əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, Azərbaycan qısa müddətdə digər torpaqlarını da silah gücünə azad edəcəkdi.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.