DÜNYA
Anadolu agentliyi qar uçqununda həlak olan əməkdaşının çəkdiyi son videogörüntünü yayıb VİDEO
Ankara, 27 may, AZƏRTAC
Türkiyənin Anadolu agentliyinin uçuruma yuvarlanaraq həyatını itirən əməkdaşı Abdülkadir Nişancının çəkdiyi son videomateriallar yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müxbirin fotoaparatı acı hadisədən iki gün sonra uçqun yerindən 100 metr aralıda tapılıb. Aparatın yaddaşında aşkar edilən 3 dəqiqəlik videogörüntü ağır texnikanın qartəmizləmə işinə aiddir.
Qeyd edək ki, Abdülkadir Nişancı mayın 10-da Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən uçuruma yuvarlanmışdı.
Mərhumun cəsədi hadisədən 13 gün sonra Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Derebaşı HES” gölündə tapılıb. Onun axtarışında iştirak edən iki əsgər isə dağ çayında boğularaq ölüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara