ELM VƏ TƏHSİL
Ermənilərin törətdikləri mədəni soyqırımı ilə bağlı Bakıda elmi konfrans təşkil olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan Respublikasının 100-cü ilində Anadoludan Qafqaza ermənilərin həyata keçirdiyi mədəni soyqırımı” mövzusunda elmi konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ADMİU, Qazi Universiteti və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Konfransda ADMİU-nun kollektivi ilə yanaşı, “Ankaradan Bakıya, kədərdə bir, sevincdə bir” devizi altında ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti də iştirak edib.
Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Azərbaycan-Türkiyə əlaqələrindən, o cümlədən ölkələrimiz arasında təhsil sahəsindəki münasibətlərin əhəmiyyətindən danışıb. O, bu əlaqələrin genişlənməsində, Azərbaycan həqiqətlərinin, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının dünya ictimaiyyətinə çatdırılmasında Qazi Universitetinin incəsənət kafedrasının müdiri, professor xanım Alev Çakmakoğlu Kurunun əvəzsiz xidmətləri olduğunu bildirib.
Azərbaycan-Türkiyə mədəni əlaqələrinin genişlənməsi və Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi xidmətlərə görə Alev Çakmakoğlu Kurunun ADMİU-nun elmi şurasının qərarı ilə bu universitetin fəxri professoru adına layiq görüldüyü diqqətə çatdırılıb.
Rektor Ceyran Mahmudova fəxri professor diplomunu Alev Çakmakoğlu Kuruya təqdim edib.
ADMİU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirən türkiyəli professor bu ali təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra məruzə ilə çıxış edən Alev Çakmakoğlu Kuru Azərbaycan ilə Türkiyənin tarixi birliyindən danışıb, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladıb. Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən ermənilər tərəfindən törədilən Xocalı soyqırımının bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumat verib.
ADMİU ilə Qazi Universiteti arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirən Alev Çakmakoğlu Kuru bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
ADMİU-nun professoru Aqşin Babayev və digər çıxış edənlər Alev Çakmakoğlu Kurunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işləri yüksək dəyərləndiriblər.
Sonra tədbir iştirakçıları Türkiyədə “Eşidilməyən Xocalı harayı” beynəlxalq rəsm və heykəl yarışmasında qalib seçilmiş əsərlərdən ibarət sərgi ilə tanış olublar.
Məlumat verilib ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar təşkil olunan bu müsabiqədə yüzlərlə tələbə, eləcə də sənət adamları böyük həvəslə iştirak ediblər.