CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilatın şura üzvlüyünə müşahidəçi statusunda qəbul edilib
Bakı, 12 iyun, AZƏRTAC
Bu ilin fevralında Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya müşahidəçi qismində üzv olmaq üçün Analitik Ekspertiza Mərkəzi tərəfindən ərizə ilə müraciət edilmişdi.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, bir neçə gün əvvəl Beynəlxalq Şura tərəfindən virtual assambleya təşkil olunub və ölkəmizin səhiyyə təşkilatı həmin assambleyada iştirak üçün dəvət alıb.
Assambleyada Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. Həmin tədbirdə Şuranın Katibliyinin və assambleya iştirakçılarının səsverməsi nəticəsində mərkəz müşahidəçi üzv qismində Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya qəbul edilib.