CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Avrasiya Əczaçılıq Sammitində iştirak ediblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Daşkənddə onlayn formatda keçirilən Avrasiya Əczaçılıq Sammitində Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak ediblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sammitdə Avropa və Asiya qitələrinin aparıcı ölkələrinin iştirak etdiyi tədbirdə dərman vasitələrinin qeydiyyatı, qablaşdırmaya olan müasir tələblər, dərman vasitələrinin qiymət formalaşması, ölkələrdə bu sahədə son tənzimləyici dəyişiklər və bir sıra aktual mövzular müzakirə olunub. Tədbirdə əczaçılığın dərman vasitələrinin qeydiyyat prosedurları, farmakonəzarət və etibarlı istehsalat təcrübəsi kimi mühüm sahələr haqqında məlumatlar verilib, təqdimatlar edilib.
Sammitdə Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza, Farmakonəzarət və Keyfiyyəti idarəetmə şöbələrinin əməkdaşları hər üç istiqamət üzrə görülən işlər və son yeniliklər haqqında ətraflı məlumatlar çatdırıb, dərman vasitələri istehsalçılarının sualları cavablandırılıb.