CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri Hindistanda keçirilən təlimdə iştirak ediblər
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 8-dən 17-dək Hindistan Respublikasının Nagar şəhərindəki Milli Əczaçılıq Təhsili və Tədqiqat İnstitutu və Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Bitki mənşəli dərmanların və formulaların tənzimlənməsi və standartlaşdırılmasında son tendensiyalar və problemlər” mövzusunda təlim keçirilib. Təlimdə Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri – Çingiz Şükürov, Orxan Yolçuyev və Şəhla Vəlizadə iştirak ediblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəzəri və praktik olaraq təşkil edilən təlimdə bitki tərkibli dərman vasitələrinin keyfiyyətinə nəzarət, müvafiq yerli və beynəlxalq qaydalara uyğun tənzimlənməsi və standartlaşdırılması sahəsində son tendensiyalar və problemlər haqqında mühazirələr dinlənilib, ölkədəki zavodlara ekskursiyalar təşkil olunub. Müasir analiz avadanlıqları ilə tanışlıq və həmin avadanlıqlarda analizlərin aparılması əyani olaraq iştirakçılara nümayiş etdirilib.
Təlimin yekununda iştirakçılara sertifikatlar verilib.