İQTİSADİYYAT
Analitiklər: OPEC-in neft hasilatı mayda artıb
Bakı, 5 iyun, Nihad Budaqov, AZƏRTAC
Neftin qiymətinin artmasını nəzərdə tutan hasilatın azaldılmasına dair Vyana sazişinə qoşulmayan Liviya və Nigeriyadakı istehsalın artması fonunda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı may ayında artıb.
AZƏRTAC xəbər verir ki, “Bloomberg”in analitikləri bu qənaətdədirlər.
Neft şirkətləri və tankerlərə nəzarət məlumatları əsasında keçirilən sorğuya görə, OPEC-in neft hasilatı aprel ayına görə mayda gündəlik 315 min barrel artaraq sutkada 32,21 milyon barrelə çatıb. Liviyanın neft hasilatı sutkada 210 min barel artaraq gündəlik 760 min barrel olub. Nigeriyanın istehsalı isə gündəlik 100 min barel artaraq sutkada 1,7 milyon barrel təşkil edib. Hər iki ölkədə də artım qarşıdurmaların azalması ilə istehsal obyektlərinin yenidən fəaliyyətə başlaması nəticəsində olub.
Sorğuya görə müqaviləyə qoşulan 11 ölkə may ayında apreldə olduğu kimi öhdəliklərini tam yerinə yetiriblər. Nigeriya və Liviyanın da istehsalı daxil edildikdə OPEC-in ümumi neft hasilatı ötən il noyabrın 30-da imzalanan sazişdə nəzərdə tutulan gündəlik hasilatı 450 min barrel azaltmaq hədəfindən çoxdur. Bu da o deməkdir ki, OPEC öhdəliyi 66-faizini yerinə yetirib. Bu nisbət əvvəlki aylar 90 faiz səviyyəsində idi.