İDMAN


Anar Allahverdiyev: Komandamız şahmat tariximizdə ilk dəfə klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı başa çatıb. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası parlaq qələbəyə imza ataraq Azərbaycanın şahmat tarixində ilk dəfə klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində komandanın kapitanı Əməkdar məşqçi Anar Allahverdiyev bildirib. O qeyd edib ki, son turda turnirin favorit komandası “Alkaloid” üzərində inamlı qələbə komandamızın yarışı mükafatçılar sırasında başa vurmasında həlledici rol oynayıb: “Son turda komandamız turnirin favoriti, lideri hesab olunan və çox güclü komandalardan biri olan Makedoniyanın “Alkaloid” yığması ilə mübarizə apardı. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi və komandamız potensialından tam istifadə edərək güclü rəqibin öhdəsindən inamla gəldi. Son turda qələbənin əldə edilməsində Aydın Süleymanlı və Ülvi Sadıqovun rəqiblərini məğlub etmələri həlledici rol oynadı. Ümumiyyətlə isə son turda komandamızın parlaq qələbəsi şahmatçılarımızın yarışı mükafatçılar sırasında başa vurması ilə nəticələndi”.

Anar Allahverdiyev qitə yarışında iştirak edən şahmatçılarımızın hər birinin gözəl oyun nümayiş etdirdiyini və bu möhtəşəm qələbənin qazanılması üçün əllərindən gələni etdiyini bildirib: “Azərbaycan şahmat ölkəsidir və idmançılarımızın əldə etdikləri böyük nailiyyətlər bunu bir daha sübut edir. Şahmatçılarımız yarışa çox yaxşı hazırlaşmışdılar və komandada əhval-ruhiyyə yüksək idi. Hər kəs özünü qələbəyə kökləmişdi. Şahmatçılarımız bu möhtəşəm qələbənin qazanılması üçün əllərindən gələni etdilər”.

Qeyd edək ki, turnirin qalibi Rusiyanın “Mednıy Vsadnik” komandası olub. İkinci yeri isə Çexiyanın “Novi Bor” komandası tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.