SİYASƏT


Anar İsgəndərov: Özünü demokratik dövlət adlandıran Fransa Ermənistanın təcavüzkarlığına, faşist təxəyyülünə göz yumur

Bakı, 21 noyabr, AZƏRTAC

Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əvvəldən bəllidir. Əslində Fransa bu məsələdə başqa mövqe nümayiş etdirsəydi, yəni, Azərbaycanın haqq işini müdafiə etsəydi biz təəccüblənərdik. Fransa da özünü demokratik dövlət adlandıran digər ölkələr kimi seçki əsiridir. Fransada kifayət qədər erməni və erməni əsilli seçicilər var, odur ki, ölkənin builki siyasi hakimiyyətinin taleyində onların səsinin də önəmli rolu var.

Bu fikirləri AZƏRTAC- açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib.

Anar İsgəndərov bildirib ki, Fransa, əslində, Qarabağın tarixi Azərbaycan torpağı olması barədə kifayət qədər məlumatlıdır. Amma çox təəssüf ki, Fransa Azərbaycana qarşı həddindən artıq ədalətsizlik edir və bu ədalətsizliyi sübut etmək üçün heç bir müstəntiq istintaqına ehtiyac yoxdur. Fransa ATƏT-in üç həmsədr ölkəsindən biridir, buna görə də mandatına uyğun olaraq ədalətli mövqe nümayiş etdirməlidir. Lakin birmənalı olaraq Ermənistan dövlətinə olan dərin məhəbbət onun gözlərini kor edib. Bu ölkə Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini görmür, ya da görmək istəmir. Fransa Ermənistanın qəddarlığına, qaniçənliyinə, faşist təxəyyülünə göz yumur. Bu ölkənin hakim dairələrinin beynində yalnız bir düşüncə var - nəyin bahasına olursa olsun, haqq-nahaq Ermənistanın maraqlarını müdafiə etsin. Bu, ədalətsizlikdir və yolverilməzdir. Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması da bu ədalətsizliyin, ermənipərəst mövqenin göstəricisidir.

Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul etdi. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Deputat onu da qeyd edib ki, Prezident, Müzəffər Ali Baş İlham Əliyevin vurğuladığı kimi, bu gün bir yumruq kimi birləşərək öz gücünü dünyaya nümayiş etdirən Azərbaycan xalqı, Azərbaycan dövləti var. Münaqişənin həm tarixi, həm hüquqi tərəfini dünyaya çatdıran bir Azərbaycan var. Bu həqiqəti bütün dünya dərk etməlidir. Azərbaycanın ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi. Məhz şanlı Ordumuzun sayəsində bu gün Qarabağ azaddır, uzun illər işğal altında olan digər torpaqlarımız, Qarabağın tacı olan Şuşa azad edilib. Yəni, bu gün Azərbaycan qalibdir. Biz haqq işimizi dünyanın müxtəlif beynəlxalq təşkilatlarında müdafiə edirik və edəcəyik. Fransanın ikili standartlardan çıxış edərək, birtərəfli mövqe sərgiləyərək Ermənistanı müdafiə etməsi isə çox çəkməyəcək. Dünya tarixində həmişə ermənini əzizləyiblər, ermənilər üçün dövlət axtarıblar. 1918-ci ilə kimi bu millətin dövləti olmayıb. Nə qədər əzizləyirlərsə, əzizləsinlər. Biz haqqımız olanları geri qaytarmışıq. Ermənistan Cənubi Qafqazda yad bir dövlətdir. Ermənilərin buraya necə gəlib çıxması özü maraqlıdır, amma şərəfli deyil. Onlar bizdən torpaq alıb, bizə qənim kəsilirlər, ərazi iddiasına qalxırlar, bu, onların cılızlığından xəbər verir. Onlar hər zaman xəyanətin cavabını alıblar və alacaqlar. Azərbaycan isə qalib ölkə, qalib xalqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.