MƏDƏNİYYƏT
Anar Kərimov Pakistanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
Bakı, 7 may, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, M.Əkrəm Pakistanın Azərbaycanla sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazır olduğunu bildirib.
Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr və gələcək təşəbbüslər barədə M.Əkrəmə məlumat verib.
A.Kərimov iki dost ölkə arasında mədəni irsin qorunması və təbliğinə xidmət edəcək sıx strateji əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
Pakistanın BMT-dəki daimi nümayəndəsi öz növbəsində, ölkəsinin Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Mədəniyyət naminə sülh” (Peace4culture) təşəbbüsünü açıq şəkildə dəstəklədiyini və bu layihənin beşillik fəaliyyət planında fəal rol oynayacağını deyib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb.